Uşaqlar üçün dualar (#4860)

Ey Rəbbim, mənim Allahım! Bu bir uşaqdır ki, Sənin bəndələrinin birindən törəyib, o kimsə ki, Sən onun üçün Özünün tale Lövhələrində və təqdir səhifələrində yüksək məqamlardan birini müəyyən etmisən.

Səni and verirəm O adına ki, Onun vasitəsilə bütün insanlar öz arzularının məqsədinə yetişərlər - bu uşağı Öz bəndənlərinin arasında kamil bir ruh kimi yetişdir; Öz adının gücü ilə onu parlat; onu Sənin vəsfini söyləməyə, üzünü Sənə tərəf çevirməyə və Sənə yaxınlaşmağa qabil eylə.

Həqiqətən, Sən əzəldən istədiyini etməyə qadir olmusan və əbədiyyətə qədər də istədiyinə qadir olacaqsan. Səndən başqa Allah yoxdur, Sən Uca, Əzim, Qalibiyyətli, Qüdrətli, Tabe Edən və İxtiyar Sahibisən.

-Bahá'u'lláh
-----------------------

Uşaqlar üçün dualar (#4871)

Alqış Sənə, Ey mənim Rəbbim Allah! Bu körpəni Öz mərhəmət və inayət döşündən qidalandır və onu Öz səmavi ağacının meyvələri ilə bəslə. Onu Səndən başqa bir kimsənin himayəsinə buraxma, çünki Sən Özün onu Öz iradə və qüdrətinin hökmü ilə yaratmısan və həyata gətirmisən. Səndən başqa Allah yoxdur, Sən Ən Qüdrətli və Hər Şeyi Bilənsən.

Sən Sübhansan, Ey mənim Məhbubum, onun üzərinə Sənin fövqəl səxavətinin nəsimlərini və Sənin müqəddəs lütflərinin ətirlərini əsdir. Sonra onu Sənin uca adının kölgəsinə sığınmağa qadir eylə, Ey sifətlər və adlar səltənətini Öz ovcunda Saxlayan. Həqiqətən, Sən istədiyini etməyə Qadirsən, Sən həqiqətən, Qüdrətli, Uca, Həmişə Bağışlayan, Fəzl Sahibi, Səxavətli və Mərhəmətlisən.

-Bahá'u'lláh
-----------------------

Uşaqlar üçün dualar (#4861)

İlahi! Bu uşaqları tərbiyə eylə. Bu uşaqlar Sənin bağının bitkiləri, Sənin Çəmənliyinin gülləri, Sənin bağçanın çiçəkləridir. Qoy Sənin yağışın onların üzərinə yağsın; qoy Sənin həqiqət Günəşin Sənin məhəbbətinlə onları nurlandırsın; qoy Sənin nəsimin onları təravətləndirsin ki, tərbiyə alsınlar, böyüsünlər, inkişaf etsinlər və kamil bir gözəlliklə meydana çıxsınlar. Sən Əta Edənsən, Sən Mərhəmətlisən.

-`Abdu'l-Bahá
-----------------------

Uşaqlar üçün dualar (#4862)

Sən Ey mehriban Rəbb! Bu nazənin uşaqlar Sənin qüdrət barmaqlarının əsərləri, əzəmətinin ecazkar nişanəsidirlər. Ey Allah! Bu uşaqları hifz eylə, onlara elm öyrənməkdə kərəminlə kömək eylə və bəşəriyyət aləminə xidmət etməkdə onlara yardım eylə. Ey Allah! Bu uşaqlar dürr dənəsidirlər, onları Öz inayət sədəfinin qoynunda bəslə. Sən Kəramətli, Ən Mehribansan.

-`Abdu'l-Bahá
-----------------------

Uşaqlar üçün dualar (#4863)

Ya Rəbb! Bu uşaqları ən gözəl fidanlar eylə. Onları Öz Əhdi-Peyman bağçanda böyüt və yetişdir, Əbha Mələkutunun feyz yağışları ilə onlara gözəllik və lətafət bəxş eylə.

Sən Ey Mehriban Allah! Mən kiçik bir uşağam, Öz mələkutuna qəbul etməklə məni ucalt; dünyəviyəm, məni səmavi eylə; aşağı aləmdənəm, məni uca səltənətə aid eylə; tutqunam, işıq saçan eylə; maddiyəm, məni ruhani eylə və mənə yardım eylə ki, Sənin tükənməz feyzlərini aşkar edə bilim.

Sən Qüvvətli və Ən Mehribansan.

-`Abdu'l-Bahá
-----------------------

Uşaqlar üçün dualar (#4864)

Odur Allah! Ey Allah, mənim Allahım! Mənə dürr təkin saf bir qəlb əta eylə.

-`Abdu'l-Bahá
-----------------------

Uşaqlar üçün dualar (#4865)

Ey Allah, mənə yol göstər, məni qoru, məni şölə saçan bir çıraq və parlaq bir ulduz eylə. Sən Qüdrətli və Qüvvətlisən.

-`Abdu'l-Bahá
-----------------------

Uşaqlar üçün dualar (#4866)

İlahi, İlahi! Mən kiçicik bir körpəyəm. Öz mərhəmət döşündən bəslə məni, Sənin məhəbbət ağuşunda böyüt məni, Sənin tərbiyə məktəbində mənə təlim ver, kəramətinin kölgəsində yetişdir məni. Qaranlıqdan qurtar, parlaq bir işıq eylə məni; qəmginlikdən xilas eylə, gülşənin gülü eylə məni; Sənin astananda bəndəlik etmək üçün mənə izn ver, pak möminlərin xasiyyət və əxlaqını bağışla mənə. Məni insan aləminə xeyir verən eylə və əbədi həyat tacı ilə başımı şərəfləndir.

Həqiqətən, Sənsən Qüvvətli, Qüdrətli, Görən və Eşidən.

-`Abdu'l-Bahá
-----------------------

Uşaqlar üçün dualar (#4867)

Ey Bənzərsiz Allah! Bu yazıq uşağa pənah ol. Bu xətalı və qəmgin ruha bağışlayan və mehriban Mövla ol. İlahi, faydasız bitkilər də olsaq, Sənin gülşənindənik. Yarpaqsız və çiçəksiz fidanlar da olsaq, amma Sənin bağındanıq. Elə isə bu bitkini Sənin inayət buludunun yağışları ilə bəslə, ruhani baharın nəsimi ilə bu solmuş fidana canlılıq və təravət bağışla. Onu ayılt, nəcib böyüt, huşyar eylə və ona əbədi həyat bəxş eylə ki, Sənin Mələkutunda daim yaşasın.

-`Abdu'l-Bahá
-----------------------

Uşaqlar üçün dualar (#4868)

Ey mənim Allahım, Ey mənim Allahım! Sən bu uşaqları görürsən – onlar həyat ağacının budaqları, nicat bağçasının quşları, Sənin mərhəmət dənizinin gövhərləri və hidayət bağının qızılgülləridir.

Ey Allah, bizim Rəbbimiz! Biz Sənə alqış oxuyur, Sənin müqəddəsliyinə şəhadət verir və Sənin mərhəmət səmana üz tutub ürəkdən, atəşlə yalvarırıq - bizi hidayət çıraqları eylə, insanlar arasında əbədi cəlal üfüqündə parlayan ulduzlar eylə və bizə Səndən gələn bir elm öyrət. Ya Bəha-ül-Əbha!

-`Abdu'l-Bahá
-----------------------

Uşaqlar üçün dualar (#4869)

Ya Rəbb! Mən bir uşağam; Məni Öz inayət kölgəndə böyüt. Mən zərif bir bitkiyəm, məni Öz feyz buludlarının yağışları ilə bəslə. Mən məhəbbət bağının fidanıyam, məni bəhrəli bir ağac eylə.

Sən Qüdrətli və Qüvvətlisən. Sən Mehribansan, Sən hər şeyi Bilən və hər şeyi Görənsən Əbdül-Bəha Abbas

-`Abdu'l-Bahá
-----------------------

Uşaqlar üçün dualar (#4870)

Sən Ey mənim Cəlallı Rəbbim! Özünün bu balaca kənizini xoşhal və bəxtəvər bir gız eylə; Öz vahidlik dərgahında onu əziz tut və qoy o Sənin məhhəbətinin piyaləsindən doyunca içsin ki, şövq və vəcdlə dolsun, müşk və ətir saçsın. Sən Qüdrətli və Qüvvətlisən, Sən Hər Şeyi Bilən və Hər Şeyi Görənsən.

Sən Ey mənim Cəlallı Rəbbim! Özünün bu balaca kənizini xoşhal və bəxtəvər bir gız eylə; Öz vahidlik dərgahında onu əziz tut və qoy o Sənin məhhəbətinin piyaləsindən doyunca içsin ki, şövq və vəcdlə dolsun, müşk və ətir saçsın. Sən Qüdrətli və Qüvvətlisən, Sən Hər Şeyi Bilən və Hər Şeyi Görənsən.

-`Abdu'l-Bahá
-----------------------

